BAKI, 2 aprel. TELEQRAF

Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir. Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.

Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunub.

Məsələ ilə bağlı universitet Teleqraf-ın sorğusuna cavab olaraq bildirmişdi ki, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir. Qeyd olunub ki, əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur. 2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılıb, onun əhəmiyyətli hissəsi xərclənib, müəyyən hissəsi isə qalıb. Və 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılıb.