BAKI, 16 dekabr. TELEQRAF

Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela lideri Nikolas Maduronun Belarusiyaya səfər etmək istədiyi təqdirdə ona qapıların açıq olacağını bildirib.

Teleqraf xəbər verir ki, Lukaşenko bu barədə ABŞ-nin “Newsmax TV” telekanalına müsahibəsində danışıb.

Belarus lideri vurğulayıb ki, Maduro heç vaxt Belarus üçün düşmən və ya rəqib olmayıb. “Maduro bizim heç vaxt düşmənimiz və ya əleyhdarımız olmayıb. Əgər o, Belarusiyaya gəlmək istəsəydi, qapılar onun üçün açıq olardı. Amma bunu səmimi deyirəm, bu mövzu heç vaxt müzakirə olunmayıb”, – deyə Lukaşenko bildirib.

Lukaşenko Nikolas Maduronu güclü və möhkəm xarakterli insan kimi xarakterizə edib. O qeyd edib ki, Venesuela lideri çətin vəziyyətlərdə geri çəkilən, ölkəni tərk edən və ya qaçan siyasətçilərdən deyil. “Bu, çavistdir. Çaves kimidir. O, möhkəm, dürüst və ağıllı insandır, onunla danışmaq və razılaşmaq mümkündür”, – deyə Belarus prezidenti əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb. Kremlin məlumatına görə, Putin söhbət zamanı Venesuela xalqı ilə həmrəyliyini ifadə edib və Maduronun siyasi kursuna dəstəyini təsdiqləyib.