BAKI, 16 dekabr. TELEQRAF
Son günlər Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında müxtəlif formatlarda təmaslar aktiv olub. Üzv ölkələrlə, o cümlədən Macarıstan xarici işlər naziri Peter Siyarto ilə ikitərəfli görüşlər keçirilib. Ermənistan-Aİ tərəfdaşlığı çərçivəsində həyata keçirilən proqramlardan yalnız Avropa Sülh Fondu üzrə İrəvana (hərbi) dəstəyin təsdiqlənməsi məsələsinin ləngidiyi görünürdü. Bu istiqamətdə hansısa dəyişiklik varmı?
Teleqraf xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yerli KİV-in müvafiq sualını cavablandırıb.
“Bu istiqamətdə aparılan müzakirələr konkret nəticələrə yönəlmişdi. Aİ-nin 27 üzv ölkəsinin hər biri ilə, eləcə də ümumilikdə Aİ səviyyəsində formalaşmış konsensusu yüksək qiymətləndiririk. Dünən Aİ Xarici İşlər Şurası çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanla keçirilən görüşdə Aİ-nin bütün üzv dövlətləri bu və digər alətlər vasitəsilə göstərilən dəstəyi bir daha təsdiqləyiblər. Buna görə də qeyd edə bilərik ki, açıq şəkildə ifadə olunmuş siyasi razılaşma var, zəruri daxili prosedurlar təmin edildikdən sonra Avropa Sülh Fondu çərçivəsində Ermənistana ikinci dəstəyin təsdiqlənməsini gözləyirik”, - Badalyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Brüsselin Avropa Sülh Fondu vasitəsilə hərbi məqsədlər üçün Ermənistana 20 milyon avro ayırması qərarına Budapeşt tərəfindən veto qoyulub. Macarıstan xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən beynəlxalq konfransda bu məsələyə toxunub. Siyarto bəyan edib ki, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.