BAKI, 16 dekabr. TELEQRAF
Alman avtomobil konserni Volkswagen 88 illik tarixində ilk dəfə Almaniya ərazisindəki zavodlarından birini bağlayır.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Qərar şirkətin Çin və Avropa bazarlarında satışların azalması, eləcə də ABŞ tərəfindən tətbiq olunan yüksək idxal rüsumları fonunda yaranan maliyyə çətinlikləri ilə izah olunur. Drezden şəhərində yerləşən zavodun bağlanması "Volkswagen"in Almaniyada 35 min iş yerinin ixtisarı planını da əhatə edir.
Məlumata görə, zavod 16 dekabr tarixində fəaliyyətini dayandıracaq. Şirkət nümayəndələri bildiriblər ki, bu qərar asan qəbul edilməyib, lakin iqtisadi baxımdan zəruri olub.
2002-ci ildən fəaliyyət göstərən Drezden zavodunda bu müddətdə təxminən 200 min avtomobil istehsal edilib. Zavodun ərazisi gələcəkdə Drezden Universitetinə veriləcək və burada süni intellekt çiplərinin hazırlanması üzrə tədqiqat kampusu yaradılacaq.