BAKI, 16 dekabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Hərbi-Dəniz Qüvvələri Rusiya Federasiyasının Novorossiysk limanında xüsusi əməliyyat keçirdiklərini bəyan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tarixdə ilk dəfə “Sub Sea Baby” adlı sualtı dronlardan istifadə olunaraq Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus 636.3 layihəli “Varşavyanka” sinifli sualtı qayıq partladılıb.

Məlumata görə, partlayış nəticəsində sualtı qayıq ciddi zədələnib və faktiki olaraq sıradan çıxarılıb. SBU qeyd edib ki, həmin sualtı qayıqda Ukrayna ərazisinə zərbələr üçün istifadə olunan “Kalibr” qanadlı raketləri üçün dörd buraxılış qurğusu yerləşirdi.

Məlumata əsasən, “Varşavyanka” sinifli bir sualtı qayığın dəyəri təxminən 400 milyon dollar təşkil edir, beynəlxalq sanksiyalar fonunda isə analoji gəminin inşası 500 milyon dollara qədər başa gələ bilər. Bu sinif sualtı qayıqlar səsudma xüsusiyyətlərinə görə “Qara dəlik” kimi də tanınır.

SBU həmçinin bildirib ki, Rusiya sualtı qayığı əvvəllər Ukraynanın dənizüstü “Sea Baby” dronları ilə həyata keçirdiyi əməliyyatlar nəticəsində Sevastopol buxtasından çıxarılaraq Novorossiysk limanında yerləşdirilmişdi.

Rusiya Müdafiə Nazirliyi isə Kiyevin iddialarını təkzib edib. Nazirliyin məlumatına görə, Ukrayna qüvvələrinin sualtı pilotsuz aparatla diversiya cəhdi uğursuz olub və Qara dəniz donanmasının heç bir gəmisi və ya sualtı qayığı zərər görməyib. Bildirilib ki, bütün gəmilər xidmətlərini adi rejimdə davam etdirir.