BAKI, 16 dekabr. TELEQRAF
Macarıstanın baş naziri Viktor Orban Rusiyanın dondurulmuş aktivlərinin mümkün müsadirəsinin beynəlxalq hüquqa zidd olduğunu və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Orbanın sözlərinə görə, əgər Rusiya bu qərarı məhkəmədə mübahisələndirərsə, Belçika iqtisadiyyatı üçün ağır nəticələr yarana bilər.
O qeyd edib ki, dondurulmuş Rusiya aktivlərinin əsas hissəsi Belçikada və Belçika şirkətlərinin nəzarətində saxlanılır. Orbanın fikrincə, Rusiya məhkəmə prosesində qalib gələrsə, Belçika tərəfi bu vəsaitləri geri qaytarmağa məcbur olacaq ki, bu da ölkə iqtisadiyyatının çökməsi ilə nəticələnə bilər.
Baş nazir bildirib ki, beynəlxalq hüquq Avropa ölkələrinin bu addımlarını qəbul etmir və məsələnin həlli yalnız zaman məsələsidir. O, daha əvvəl Avropanın Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməklə Moskva ilə açıq qarşıdurmaya getdiyini də vurğulamışdı.
Qeyd edək ki, “Euractiv” nəşrinin yazdığına görə, Avropa İttifaqının azı yeddi üzv ölkəsi Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsinə qarşı çıxır.