BAKI, 16 dekabr. TELEQRAF
Venesuelanın müxalifət lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Venesueladan Norveçə gizli səfəri zamanı onurğa fəqərəsinin sınığı ilə nəticələnən xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Klaudiya Masera məlumat verib.
Onun sözlərinə görə, Maçadonun onurğa sınığı aldığı rəsmi şəkildə təsdiqlənib.
“Onurğa fəqərəsinin sınığı təsdiqlənib. Hazırda bundan əlavə məlumat verilməyəcək və yalnız Norveçin *Aftenposten* qəzetində dərc olunan faktlarla kifayətlənəcəyik”, - deyə Masera bildirib.
Norveç mətbuatının yazdığına görə, xəsarət Maçadonun yüksək riskli dəniz keçidi zamanı alınıb. Bildirilir ki, o, Venesuelanı tərk edərkən kiçik balıqçı qayığı ilə güclü dalğalar altında təhlükəli dəniz marşrutu keçməyə məcbur qalıb. Məhz bu keçid zamanı fəqərə sınığı baş verib.
Məlumata görə, 58 yaşlı siyasətçi Osloya çatdıqdan sonra Ulleval Universitet Xəstəxanasında həkim müayinəsindən keçirilib. Maçado Norveçə gəldikdən sonra bir neçə dəfə həkimə müraciət etmək istədiyini bildirsə də, xəsarətin detalları açıqlanmamışdı.
Qeyd edək ki, Mariya Korina Maçado Nobel Sülh Mükafatının təqdimetmə mərasimində iştirak etməli idi. Lakin gizli səfər zamanı yaranan gecikmələr səbəbindən o, mərasimə vaxtında çata bilməyib. Bundan əvvəl Maçado səfər zamanı həyatından ciddi şəkildə narahat olduğunu və təhlükə ilə üzləşdiyini açıqlamışdı.
Buna baxmayaraq, aldığı xəsarət Maçadonun ictimaiyyət qarşısına çıxmasına mane olmayıb. O, Osloya çatdıqdan qısa müddət sonra hotellə ətrafında təhlükəsizlik baryerini aşaraq tərəfdarlarını salamlayıb.
Xatırladaq ki, Venesuelada müxalifətin əsas simalarından biri olan Mariya Korina Maçado son illər hakimiyyətlə qarşıdurma fonunda təzyiqlərlə üzləşib və onun ölkədən çıxışı yüksək riskli əməliyyat kimi qiymətləndirilir.