BAKI, 5 fevral. TELEQRAF

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, sənədi Komitənin sədri Anar Quliyev və Universitetin rektoru Hafiz Paşayev imzalayıblar.

Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (“WUF13”) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Qeyd olundu ki, akademik ictimaiyyət ümumilikdə “WUF13”ün əsas iştirakçı qruplarından biridir və forum müddətində keçiriləcək tədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində dizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistik mühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq, şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyi vurğulandı.

Qeyd edildi ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığın əhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır.

3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər, və şəhərsalma və memarlıq sahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübənin ölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalarda fəal iştirakına xidmət edəcək.

İmzalanma mərasimindən sonra Komitə sədri Anar Quliyev İtaliya-Azərbaycan Universitetinin yeni tədris korpusu ilə tanış olub.