BAKI, 5 fevral. TELEQRAF
Venesuela qaz hasilatına görə dünyanın aparıcı üç ölkəsindən birinə çevrilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın Rusiyadakı səfiri Xesus Rafael Salasar Velaskes “İzvestiya”ya müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, ölkənin real qaz ehtiyatları açıqlanandan xeyli çox ola bilər: “Hesab edirik ki, real ehtiyatlar əhəmiyyətli dərəcədə daha böyükdür və ölkə bu göstərici üzrə dünyanın ilk üç-dörd dövləti sırasına daxil ola bilər”.
Səfir qeyd edib ki, ölkə rəhbərliyinin əsas məqsədi Venesuelanı yenidən neft-qaz dövləti statusuna qaytarmaqdır. “Bizim prezident səlahiyyətlərini icra edən rəhbərimiz Delsi Rodriqesin niyyəti absurdlara varan və neft sənayemizə qarşı tətbiq edilən blokadalardan əvvəl olduğu kimi, Venesuelanı yenidən neft-qaz dövləti etməkdir”, – deyə o əlavə edib.
Velaskes vurğulayıb ki, ABŞ Venesuelanın xarici siyasətini diktə etmir: “Xarici siyasətimizi konstitusiyamız və hakimiyyət orqanlarımız müəyyən edir. Prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes dəfələrlə bildirib ki, Venesuela heç bir xarici dövlətə tabe olmur və biz istədiyimiz ölkələrlə münasibət qurmaq hüququna malikik”.