BAKI, 5 fevral. TELEQRAF
Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərinin təqdimatında "Qarayev sənətinin ildırımlı izləri ilə-2" adlı konsert proqramı baş tutub.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova Teleqraf-a açıqlamasında konsert proqramının ənənəyə çevrildiyini açıqlayıb.
"Artıq ənənə halını almış "Qarayev sənətinin ildırımlı izləri ilə” konsert proqramı ikinci ildir ki, öz vüsətini davam etdirir. Ölməz bəstəkarın adını daşıyan məktəbin istedadlı şagirdlərinin ifasında Qarayev sənətinin ən ecazkar nümunələri səsləndirilib, məktəbimizin kamera orkestrinin müşayiəti ilə Qarayev yaradıcılığının zənginliyi bir daha tamaşaçılara təqdim edilib. Proqramda dahi bəstəkarın "İldırımlı yollarla" baletindən "Ehtiraslı qızların rəqsi", o cümlədən “Yeddi gözəl” baleti yer alıb".
.jpg)
K.Hüseynova onu da əlavə edib ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində iki ildir klassik balet sinfi fəaliyyət göstərir: "Şagirdlərimiz Azərbaycan balet sənətinin ölməz nümunələrini böyük səhnələrdə layiqincə təqdim edirlər.
Bu konsert yetişməkdə olan gənc nəslin Qarayev ənənələrinə və milli musiqi mədəniyyətimizə verdiyi töhfələrin bariz nümunəsidir. Şagirdlərimiz bu konsert vasitəsilə öz istedadlarını nümayiş etdirir, eyni zamanda bu sənətə nə qədər dərin tellərlə bağlı olduqlarını sübuta yetirirlər.
Konsertdə məktəbimizin bütün şöbələri iştirak edir. Konsert proqramından sonra rəssamlıq şöbəsinin istedadlı şagirdlərinin əsərlərindən ibarət sərgi nümayiş olunacaq".
Qeyd edək ki, Könül Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.