BAKI, 5 fevral. TELEQRAF

Prezident Volodimir Zelenski yaxın gələcəkdə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların üçüncü raundunun keçiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Zelenski artıq Kiyev nümayəndə heyəti ilə danışdığını deyib. Onun sözlərinə görə, münaqişənin sona çatması ilə bağlı razılıq yoxdur.

“Düşünürəm ki, qruplar indi yenidən görüşəcək və əsir mübadiləsi məsələsini müzakirə edəcəklər, çünki əlavə mübadilə məsələsi qaldırılmalıdır. Növbəti görüşə gəldikdə isə, bu, baş tutacaq. Növbəti görüşün tezliklə baş tutacağı barədə razılığa gəldik”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən danışıqlarda hər şey müzakirə olunub: "Ukrayna nümayəndə heyətinin üzvləri məlumatların çox həssas olduğunu əsas gətirərək detalları mənimlə Kiyevə gəldikdən sonra müzakirə edəcəklər".

Qeyd edək ki, 4 və 5 fevral tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci raundu keçirilib.