BAKI, 13 dekabr. TELEQRAF

Türkiyəli müğənni Gül Tutun ölümü ilə bağlı qızı şübhəli bilinir. Cinayət işi üzrə daha üç nəfər də saxlanılıb.

Teleqraf xəbər verir ki, “Güllü” ləqəbi ilə tanınan mərhum müğənninin qızı Tuğyan Ülkem Gülter qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb və həbs tələbi ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, Gül Tut bu ilin 26 sentyabrında yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək ölməsi ilə bağlı araşdırma başlamışdı. İlkin ehtimal onun intihar etməsi olsa da, sonrakı araşdırmalar və qızının şübhəli davranışları hadisənin intihar deyil, qətl ola biləcəyi ehtimalını gücləndirib.

İki gün əvvəl Tuğyan Ülkem Gülter və yaxın dostu Sultan Nur Ulu ölkədən çıxmaq istəyərkən saxlanılıblar. Məlum olub ki, hadisə günü hər ikisi cinayətin baş verdiyi evdə olublar.

Məlumata görə, evdə olan üçüncü şəxs də saxlanılıb.

“CNN Türk”ün məlumatına görə, Sultan Nur Ulu ilkin ifadəsində Tuğyan Ülkemin anasını pəncərədən qəsdən atdığını bildirib.

Tuğyan Ülkemin vəkilləri isə şübhələrin artması səbəbindən onun müdafiəsindən imtina etdiklərini açıqlayıblar. Onlar bu addımı mərhum müğənninin sənətinə və xatirəsinə hörmət əlaməti olaraq etdiklərini bildiriblər.