BAKI, 2 aprel. TELEQRAF
2025-ci ilin nəticələrinə görə, Qazaxıstanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərlə qarşılıqlı ticarət dövriyyəsi 12,9 milyard ABŞ dollarına çatmışdır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Baş naziri Oljas Bektenov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
Baş nazir iqtisadi inteqrasiyanın əsas alətlərindən biri sayılan Türk Sərmayə Fondunun yaxın vaxtlarda əməli fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.
O, həmçinin rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlığın ratifikasiyasının tezliklə tamamlanacağını və bunun sahibkarlar üçün şəffaf mühit yaradacağını qeyd edib.
Baç nazir əməkdaşlığın dərinləşdirilməsi məqsədilə TDT-nin regional metrologiya təşkilatının təsis edilməsini və birgə sənaye müəssisələrinin yaradılmasını təklif edib.
O.Bektenov həmçinin Orta Dəhlizin inkişafı üçün rəqəmsal monitorinq mərkəzinin yaradılmasını və "TDT+" formatında görüşlərin keçirilməsini əhəmiyyətli hesab etdiyini bildirib.
Enerji təhlükəsizliyi məsələlərinə toxunan Baş nazir, enerji səmərəliliyi üzrə şuranın yaradılmasını və su ehtiyatlarından səmərəli istifadə proqramının başladılmasını təklif edərək, tərəfdaşları Astanada keçiriləcək regional ətraf mühit zirvə görüşünə dəvət edib.