BAKI, 2 aprel. TELEQRAF

“Ermənistan “Tramp Marşrutu” layihəsi çərçivəsində tranzit gəlirlərinin 74 faizini güzəştə getməyə qərar verib, əlbəttə, bu onun hüququdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a deyib.

Onun sözlərinə görə, bu marşrutla daşınan yüklər birbaşa Türkiyəyə gedəcək və Ermənistan bunun müqabilində 26 faiz gəlir əldə edəcək.

“Əlbəttə, tranzit gəlirlərinin 74 faizini güzəştə getmək qərarı onların öz seçimləridir. Amma İrəvan Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrup formatında qalsaydı, bu yolun tikintisi artıq başa çatmaq üzrə olardı və yol tamamilə ərazisindən keçdiyi ölkənin mülkiyyətində qalardı”, - Overçuk iddia edib.