BAKI, 2 aprel. TELEQRAF
Türk bölgəsində orta iqtisadi artım təxminən 6 faiz təşkil edir ki, bu da qlobal orta göstəricidən iki dəfə artıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
O, Qırğızıstanın son 5 ildə həyata keçirdiyi islahatlar nəticəsində sərmayə mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını diqqətə çatdırıb: "2025-ci ilin sonuna qədər ölkəmizə yönələn birbaşa xarici sərmayələrin həcmi 950 milyon dollara çatmışdır ki, bunun da 220 milyon dolları TDT üzv dövlətlərinin payına düşür".
Nəqliyyat əməkdaşlığına xüsusi toxunan Akılbek Japarov, Qırğızıstanın Trans-Xəzər Orta Dəhlizində əsas bağlantı nöqtəsi ola biləcəyini vurğulayıb.
O, regional infrastrukturun vəhdətindən danışarkən maraqlı bir məqamı qeyd edib:
"Qırğızıstan Prezidenti Sadır Japarovun da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti ilə birlikdə vahid infrastrukturun inkişafına mühüm töhfə verəcəkdir".
Hökumət başçısı yük daşımalarının rəqəmsallaşdırılmasının vacibliyini bildirərək, Azərbaycan və Türkiyənin bu sahədəki uğurlu təcrübəsini nümunə çəkib.
O, elektron çatdırılma qeydlərinin mərhələli şəkildə tətbiqini təklif edib.
Bundan əlavə, Qırğızıstanın bərpa olunan enerji, xüsusilə su-elektrik ehtiyatları baxımından böyük potensiala malik olduğu və bu sahədə yeni texnologiyaların tətbiqi üçün infrastrukturun genişləndirilməsinin zəruriliyi vurğulanıb.