BAKI, 2 aprel. TELEQRAF

"Qlobal sistemdəki böhranlar həllsiz qalmaqdadır".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

Onun sözlərinə görə, İran, İsrail və ABŞ arasındakı qarşıdurma TDT coğrafiyası da daxil olmaqla, geniş bir bölgənin sülh və sabitliyini təhdid edir.

"Əvvəlcə Qəzzanı, ardınca Yəmən və Livanı, son olaraq isə İranı hədəf alan İsrail hücumlarının məqsədi regionu addım-addım qeyri-sabitləşdirməkdir. Davam edən müharibə Hörmüz boğazı başda olmaqla, enerji xətləri və qlobal iqtisadi sabitlik üçün həyati risklər yaradır, müharibənin mənfi təsirləri bütün dünyada hiss olunur. Kritik infrastrukturun və enerji obyektlərinin hədəf alınması bölgəmizi və qlobal iqtisadiyyatı geri dönülməz bir fəlakətə sürükləyəcəkdir", - vitse-prezident vurğulayıb.

Digər tərəfdən, Türkiyə rəsmisi hər nə səbəblə olursa-olsun, bölgə ölkələrinin İran tərəfindən hədəf alınmasını da qəbulolunmaz hesab etdiklərini diqqətə çatdırıb: "Bu səbəbdən ayıq olmaqla bağlı çağırışımızı yeniləyirik. Türkiyə olaraq böhranın başlanğıcından bəri dialoq üçün zəmin yaratmağa çalışır və intensiv diplomatiya yürüdürük. Gözləntimiz münaqişələrə ən qısa zamanda son verilməsi və diplomatiyaya geri dönüşün olmasıdır".

Cevdet Yılmaz deyib ki, Ukraynada beynəlxalq hüquq əsasında, ədalətli və davamlı sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə davam edəcəyik: "Artıq beşinci ilinə daxil olan Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez başa çatmasını arzulayırıq. Ukraynada beynəlxalq hüquq əsasında, ədalətli və davamlı sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə davam edəcəyik".