BAKI, 2 aprel. TELEQRAF

Azərbaycanlı uşaqların çox az qismi Avropada çıxış edir. Yeni kamera və analiz sistemi vasitəsilə dünya skautları futbolçularımızı izləyəcək və 18 yaşına çatdıqda oyunçuya təkliflər edir. Bizdə bəzən 24-25 yaşlı futbolçuları gənc sayırıq, amma Avropada belə deyil. Ona görə uşaq futbolunda bu sistemi tətbiq edərək futbolçularımızın Avropa klublarında çıxış etməsinə kömək edəcəyik.

Teleqraf xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

"Bundan sonra uşaq və gənclər liqalarında yeni struktur yaranır. Tutaq ki, U-15 liqaslında oyunda kamera quraşdırılır və bu kameralar uşaqların hər birinin performansını ölçür. Daha sonra bu analizlər vasitəsilə uşaqlardan kimin hansı performansa malik olduğu, nəyə qadir olduğunu bilmək olacaq. Bu da klublarda uşaq futbolunun inkişafına dəstək olacaq", - qeyd edib.

Onun sözlərinə görə, data yığıldıqdan sonra hər bir oyunçunun performansının uzun müddət bazada qalamasına səbəb olacaq: "Bu da millilərə uşaqların çağırılması üçün vacibdir. Bəzən deyilir ki, milliyə tapşırılmış uşaqlar çağrılır. Bu datalar bizə kömək edəcək ki, ən yaxşı uşaqlar milliyə çağrılır yoxsa yox.

Bundan sonra gənc oyunçulara uğurlar arzulayıram. İnanırıq ki, daha obyektiv və səmərəli formada gənclərimizi milli komandaya çağrılacaq.

Yeni sistemlə bütün görüntülər AFFA-yü gələcək. Belədə, hər şey şəffaf və obyektiv şəkildə məşqçilər tərəfindən analiz olunacaq. Bu sistem U-15, U-16, U-17, ola bilsin U-19, Gənclər Liqası və qızlar liqasına tətbiq ediləcək".

Kamera və analiz platforması olan “Eyeball” şirkətinin direktoru Manfred Lerli vurğulayıb ki, sistemə 50 mindən çox oyunçu ilə bağlı məlumatlar yüklənir:

"AFFA-ya istedadlı futbolçuları təqdim edəcəyik. ABŞ və Yaxın Şərqdə də platformalarımız mövcuddur. Biz “Liverpul”, “Mançester Siti”, PSJ, “Borussiya Dortmund” kimi klublarla əməkdaşlıq edirik. Əsas fəaliyyətimiz oyunçuların qiymətləndirilməsi ilə bağlıdır".