BAKI, 13 dekabr. TELEQRAF

Ekvadorun cənubundakı Maçala həbsxanasında ən azı 13 məhbus ölü halda aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin həbsxana xidməti SNAI məlumat yayıb.

Məlumata görə, cəsədlər həbsxana yaxınlığında partlayıcı qurğunun işə düşməsindən sonra tapılıb. Partlayışın məhbusların ölümü ilə bağlı olub-olmadığı araşdırılır. Hazırda meyitlər üzərində tibbi ekspertiza aparılır.

SNAI bildirib ki, polis dərhal əraziyə müdaxilə edərək həbsxananın içərisində təcili yoxlama həyata keçirib.

Həbsxana son aylarda ciddi zorakılıq dalğası ilə üzləşib. Noyabr ayında rəqib qruplaşmalar arasında baş verən toqquşmalarda 31 məhbus həlak olmuşdu. Onlardan 27-si boğularaq öldürülmüşdü.

Sentyabrda baş verən başqa bir insidentdə 14 məhbus və bir nəzarətçi öldürülmüşdü.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, 2020-ci ildən bəri Ekvador həbsxanalarında 600-dən çox məhbus öldürülüb.

Ölkədə 2024-cü ildən etibarən daxili silahlı münaqişə rejimi tətbiq olunur və həbsxanaların nəzarətdə saxlanması üçün ordu və polis qüvvələri cəlb edilib.