BAKI, 13 dekabr. TELEQRAF
Danimarka Müdafiə Kəşfiyyat Xidməti (DDIS) illik təhlükəsizlik hesabatında ilk dəfə ABŞ-ni ölkəyə potensial təhlükə kimi qeyd edib.
Teleqraf xarici mediaya istinadla xəbər verir ki, hesabata görə, Vaşinqton iqtisadi və texnoloji gücündən istifadə edərək öz iradəsini müttəfiqlərə diktə etməyə çalışır, yüksək tariflərlə hədələməkdən və hətta hərbi gücdən istifadə ehtimalını istisna etməməkdən çəkinmir.
DDIS bildirir ki, supergüclər - ABŞ, Çin və Rusiya arasında rəqabət xüsusilə Arktikada kəskinləşib. Bu isə Danimarka üçün ayrıca risk yaradır, çünki ölkə hələ də Qrenlandiyanın xarici siyasətinə nəzarət edir.
Hesabatda qeyd olunur ki, ABŞ-nin Qrenlandiyaya artan marağı regionun Vaşinqton üçün strateji əhəmiyyətindən irəli gəlir, böyük dövlətlərin Arktikaya yönəlməsi casusluq, kiber kəşfiyyat və təsir əməliyyatlarının artmasına səbəb olur, ABŞ-nin Avropanın təhlükəsizliyinin təminatçısı kimi rolunda aydınlıq çatışmazlığı Rusiya tərəfindən NATO-ya qarşı hibrid təhdidlərin güclənməsinə yol aça bilər.
Gərgin fonun bir hissəsi kimi, son aylarda Donald Trampın Qrenlandiyaya nəzarət etmək istəyi, eləcə də ABŞ vitse-prezidenti C.D. Vensin adaya dair sərt açıqlamaları Kopenhagen-Vaşinqton münasibətlərində narazılıq yaradıb.
Danimarkanın aparıcı mediası həmçinin hökumətin Trampın gözlənilməz bəyanatlarının gecə saatlarında belə izlənməsi üçün xüsusi “night watch” qrupu yaratdığını açıqlayıb.
Bununla belə, DDIS rəhbəri Tomas Ahrinkiel bildirib ki, ABŞ hələ də Danimarkanın ən yaxın müttəfiqidir və Avropanın təhlükəsizliyinin əsas təminatçısı olaraq qalır.