BAKI, 12 dekabr. TELEQRAF

"Reddit" sosial şəbəkəsi 10 dekabrdan qüvvəyə minmiş və 16 yaşadək şəxslərə sosial şəbəkələrdən istifadəni qadağan edən Avstraliya qanununa qarşı məhkəməyə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News Australia" məlumat yayıb.

Şirkət bu qərarın həm yetkinlər, həm də yeniyetmələr üçün həddindən artıq müdaxilə edən və təhlükəli hesab edilə bilən identifikasiya prosedurları tələb etdiyini bildirir.

"Reddit"in iddiasına görə, qadağa azyaşlıların fikirlərini birbaşa ifadə etmək imkanlarını məhdudlaşdırır, onların cəmiyyət və siyasi müzakirələrə çıxışını çətinləşdirir. Şirkət hesab edir ki, platformanın sosial şəbəkə kimi deyil, daha çox böyüklər üçün forum kimi fəaliyyət göstərməsi səbəbindən qadağa siyahısına daxil edilməsi düzgün deyil.

"Reddit" ümumilikdə gənclərin onlayn təhlükəsizliyini dəstəklədiyini, lakin daha dəqiq və hədəfli qoruyucu tədbirlərə ehtiyac olduğunu vurğulayıb.

Yeni qanuna əsasən, Avstraliyada fəaliyyət göstərən bütün sosial şəbəkələr 16 yaşdan kiçik istifadəçilərin hesablarını deaktiv etməlidirlər. Qadağa hazırda "Facebook", "Instagram", "TikTok", "X", "Snapchat", "Reddit", "YouTube" və digər platformalara şamil olunur. Hökumət siyahının gələcəkdə genişləndirilə biləcəyini istisna etmir.