BAKI, 4 dekabr. TELEQRAF

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yeni hesabatına görə, vətəndaş müharibəsi içində olan Myanmada xaşxaş əkini bu il son on ilin ən yüksək həddinə çatıb və ölkə həm də dünyanın ən böyük metamfetamin istehsalçısı olaraq qalır.

Teleqraf xəbər verir ki, 2025-ci il Myanmar Opium Hesabatı göstərir ki, xaşxaş əkilən ərazilər 2024-cü illə müqayisədə 17% artaraq 53 100 hektara yüksəlib. Bu, 2015-ci ildən bəri ən böyük göstəricidir.

BMT bildirir ki, Talibanın 2021-ci ildə Əfqanıstanda xaşxaş istehsalını qadağan etməsindən sonra Myanma qeyri-qanuni opiumun əsas dünya mənbəyinə çevrilib.

UNODC Myanmari eyni zamanda dünyanın ən böyük metamfetamin istehsalçısı adlandırır. Metamfetaminin sənaye miqyasında hazırlanması daha asan olduğundan, Asiya və Sakit Okean bölgəsinə həm həblər, həm də kristal met formasında daşınır.

Ölkədə 2021-ci ildə Aunq San Su Çjinin hökumətinin devrilməsi ilə başlayan vətəndaş müharibəsi fonunda kənd təsərrüfatı çökmüş, xaşxaş isə fermerlər üçün əsas gəlir mənbəyinə çevrilib.

Tədqiqat göstərir ki, xaşxaş qiymətlərinin kəskin artması da istehsalı sürətləndirib. 1 kq təzə opiumun qiyməti 329 dollardır. Bu isə 2019-cu ildəki 145 dollardan iki dəfə çoxdur.

Opium iqtisadiyyatının ümumi həcmi 641 milyon – 1,05 milyard dollar olaraq qiymətləndirilir ki, bu da Myanmanın 2024-cü il ÜDM-nin 0,9–1,4%-nə bərabərdir.

UNODC bildirir ki, Əfqanıstanda istehsalın çökməsindən sonra Myanma heroininin Avropaya daşınmasında yeni hallar qeydə alınıb. Həcm hələ ki, böyük olmasa da, bazarda artan tələbin Asiyadan təmin edilməyə başlandığı qeyd olunur.

UNODC-nin Cənub-Şərqi Asiya üzrə nümayəndəsi Delfin Şants bildirib: “Myanma kritik mərhələdədir. Kəskin artan əkini göstərir ki, opium iqtisadiyyatı yenidən güclənir və gələcəkdə daha da böyüyə bilər.”