BAKI, 19 avqust. TELEQRAF
Ağ Evdə ABŞ, Ukrayna və Avropa ölkələrinin liderlərinin iştirakı ilə keçirilən görüş başa çatıb.
Teleqraf xəbər verir ki, Avropa liderləri artıq Oval Ofisi tərk ediblər. Tramp görüşün nəticələri barədə bu gün mediaya açıqlama verməyəcək.
***
01:40
Oval Ofisdə keçirilən danışıqlar bərpa olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsü Sergey Nikiforov bildirib.
Onun sözlərinə görə, danışıqlarda yalnız liderlər iştirak edirlər.
Görüşdə jurnalistlərin iştirak etmədiyi bildirilir.
***
01:16
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən danışıqlar başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna liderinin sözçüsü Sergey Nikiforov bildirib.
Bildirilir ki, görüş başa çatsa da, liderlər danışıqları fərqli formatda davam etdirmək üçün hələ də Ağ Evdədirlər.
***
22:36
ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş başa çatıb.
Teleqraf xəbər verir ki, ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə birgə foto çəkdirilib. Daha sonra tərəflər arasında geniş tərkibli görüş olacaq.
***
21:26
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Zelenski arasında ikitərəfli görüş keçirilir.
Teleqraf xəbər verir ki, görüşdə vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio da iştirak edir.
Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.
***
21:22
ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenskinin Ağ Evdə görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.