BAKI, 18 dekabr. TELEQRAF

Nazirlər Kabineti dövlət qulluqçularının reyestrinin aparılması ilə bağlı bir sıra qərarlara dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Sənədə əsasən, Nazirlər Kabinetinin müxtəlif illərdə qəbul etdiyi bir sıra qərarlara dəyişikliklər edilib. Belə ki:

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı və həmin sistemlərin portala qoşulması üçün Texniki Tələblərə dair qərarlarda terminoloji dəqiqləşdirmələr aparılıb, “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri” ifadəsi “Dövlət qulluqçularının reyestri” ilə əvəz edilib, bəzi “Qeyd” hissələri ləğv olunub.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydasında müvafiq redaktə dəyişiklikləri edilib və reyestrlə bağlı terminlər yenilənib.

Əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsi Qaydasında dövlət qulluqçularının reyestrinə istinadlar yeni adla əvəz olunub.

Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planları və hesabatlarının tərtib edilməsi Qaydasında da analoji dəyişikliklər aparılıb və dövlət qulluqçularına dair məlumatların reyestrə daxil edilməsinin yeni qaydalara uyğun həyata keçirilməsi təsbit edilib.