BAKI, 16 iyul. TELEQRAF
Yekaterinburq məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan Azərbaycan əsilli şəxslərin - Səfərov qardaşları (5 nəfər) və Əhliman Gənciyevin istintaq təcridxanasında həbs qətimkan müddətini uzadıb.
Teleqraf xəbər verir ki, onlar istintaq təcridxanasında oktyabrın 19-dək qədər qalacaqlar.
Məhkəmənin Səfərovlar haqda seçdiyi həbs qətimkan tədbiri 19 iyulda başa çatırdı.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.