
BAKI, 24 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın müvəqqəti atəşkəs elan etməsinə baxmayaraq, İsrail İranın paytaxtı Tehran da olmaqla, bir neçə şəhərinə aviazərbələr endirməkdə davam edir.
Teleqraf Qətərin "Əlcəzirə" telekanalına istinadən xəbər verir ki, İsrail Tehranın bir neçə məhəlləsinin sakinlərinə xəbərdarlıq edərək, onları “təcili olaraq evlərini boşaltmağa” çağırıb.
Xəbərdarlıqda təhlükənin mahiyyəti və ya dəqiq hədəf bölgələri göstərilməyib. Əgər hücum baş tutsa, bu, Tehranın mərkəzi hissələrinə hücum demək olacaq.
Yerli saytların yazdığına görə, İsrailin xəbərdarlığı ilə eyni vaxtda İran mediası paytaxt Tehranda və şimalda yerləşən Rəşt və Urmiya şəhərlərində hava hücumundan müdafiə sistemlərinin işə salınması barədə məlumat yayıb.
İsrail mediası xəbər verib ki, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi təhlükəsizlik kabineti İranla müharibədəki son hadisələri və davam edən danışıqların gedişatını müzakirə etmək üçün iclası yekunlaşdırıb.
Görüş ABŞ Prezidenti Donald Trampın Tehran və Təl-Əviv arasında “müvəqqəti atəşkəs” haqqında razılaşmanı elan etməsindən sonra baş tutub.