BAKI, 25 aprel. TELEQRAF
Slovakiyanın altı ən böyük şəhərində hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə yerli "Markiza" telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ən çox etirazçı paytaxt Bratislavada toplaşıb. Nümayişçilər hakimiyyətdən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsini sərtləşdirmək üçün qanunvericilik təşəbbüslərindən imtina etməyi tələb ediblər. Etirazçılar həmçinin Nazirlər Kabinetini Rusiya ilə yaxınlaşma siyasətinə görə qınayıb, Ukraynaya dəstək ifadə ediblər və Baş nazir Robert Fitsonun rəhbərlik etdiyi hökuməti istefaya çağırıblar .
Etirazları müxalifətin liberal partiyalarına bağlı vətəndaş fəalları təşkil edib. Etirazçılarla həmrəylik məqsədilə Çexiyanın Brno şəhərində də mitinq keçirilib.
Telekanalın məlumatına görə, cümə günü etirazlar Slovakiyanın daha 16 kiçik şəhərində, həmçinin xaricdə - Brüssel, London, Oslo və Stokholmda baş tutacaq.