BAKI, 9 aprel. TELEQRAF
Slovakiya Rusiyanın nüvə sənayesinə məhdudiyyətlərin Avropa İttifaqının 17-ci sanksiya paketinə daxil edilməsinə qarşıdır.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiya parlamentinin beynəlxalq məsələlər üzrə komitəsinin sədri, hakim SMER partiyasının üzvü Marian Keri “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bratislava Rusiyanın nüvə enerjisinə qarşı yeni tədbirlərə səs verməyəcək. Keri ölkənin Baş naziri Robert Fitsonun Slovakiyanın milli iqtisadiyyata zərər verəcək sanksiyaları dəstəkləməyəcəyi barədə bəyanatını xatırladıb.
Deputat qeyd edib ki, bir çox sanksiyalar ilk növbədə avropalılara ziyan vurur. Məhz buna görə də Macarıstan və Slovakiya hökumət başçıları hər iki ölkə üçün zərərli olan yeni məhdudiyyətlərin əleyhinə olduqlarını bildirirlər.