BAKI, 27 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimi ləğv edə bilər.

Teleqraf xəbər verir ki, Avropa parlamentinin deputatı Tomaş Zdexovski belə deyib.

Gürcüstan və Aİ, eləcə də Şengen zonası üzvləri arasında müvafiq rejim 2017-ci ildən qüvvədədir, lakin Gürcüstan parlamenti aprelin əvvəlində xarici agentlər haqqında qanun layihəsinə baxmağı planlaşdırır ki, bu da Brüsselin qərarının yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər .

Avropa Parlamentinin deputatı qeyd edib ki, viza rejiminin liberallaşdırılması prosesi qanunun aliliyi, insan hüquqlarına hörmət və demokratik təsisatların fəaliyyəti də daxil olmaqla konkret meyarların davamlı həyata keçirilməsi ilə sıx bağlıdır: "Xarici agentlər haqqında qanunun qəbulu bu öhdəliklərdən ciddi yayınma kimi qiymətləndirilərsə, Aİ-nin bu prosesi dayandırmaq mexanizmləri var".

2024-cü ilin yazında Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib və bu qanun maliyyələrinin 20%-dən çoxunu başqa ölkələrdən alan özəl təşkilatlara və KİV-lərə şamil edilib. Bundan sonra ölkədə kütləvi etirazlar baş verib. Brüssel isə bəyan edib ki, Tbilisinin addımları Avropa prinsip və dəyərlərinə uyğun gəlmir.