
BAKI, 22 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın NATO-nu zəiflətmək üçün alyansdan çıxmasına ehtiyac yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” nəşrində yazı dərc olunub.
Məqalədə qeyd edilir ki, Tramp alyansın fəaliyyətini pozmaq üçün ölkəsini Şimali Atlantika Alyansından çıxarmaya bilər.
Ekspertlər bildirirlər ki, NATO-dan çıxış prosesi uzun müddət tələb edir və bu addım üçün bir il əvvəl tərəfdaş ölkələrə bildiriş göndərilməli, həmçinin ABŞ Konqresinin təsdiqi alınmalıdır.
Lakin Ekseter Universitetinin dosenti Devid Blaqdenin fikrincə, Tramp digər NATO üzvlərini alyansın kollektiv müdafiəni nəzərdə tutan beşinci maddəsinə ABŞ-nin əməl etməyəcəyinə inandırmaqla belə bir nəticəyə nail ola bilər.
Bunun üçün Vaşinqton Avropada hərbi mövcudluğunu azaltmalı və birgə təlimlərdə iştirakdan imtina etməlidir.
Xatırladaq ki, daha əvvəl Donald Tramp yalnız ÜDM-nin müəyyən faizini müdafiəyə xərcləyən NATO müttəfiqlərinin qorunacağını bəyan edib.