BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışıqlarının çox yaxşı keçdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp Breitbart portalına müsahibəsi zamanı danışıb.

"Bizim çox yaxşı iki telefon danışığımız oldu və inanıram ki, razılaşma əldə ediləcək. Beləliklə, qan tökülməsini dayandıra biləcəyik", - Tramp vurğulayıb.

O, əsas məqsədinin Rusiya və Ukraynanı yaxınlaşdırmaq, eyni zamanda, ABŞ-nin Kiyevə dəstək üçün xərclərini azaltmaq olduğunu qeyd edib: "Mən bu nəhəng ödənişləri dayandırmaq istəyirəm. Avropanın da bizim qədər xərc çəkməsini istəyirəm, çünki onlar bunu Bayden dövründə etmirdilər. Bayden isə heç vaxt bu barədə tələb irəli sürmədi, çünki o, son dərəcə qeyri-peşəkar prezident idi”.

Xatırladaq ki, 2 gün əvvəl Rusiya və ABŞ prezidentləri telefon danışığı apararaq Ukraynada 30 günlük atəşkəs, eskalasiyanın qarşısının alınması və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

Bundan bir gün sonra isə Tramp Zelenski ilə telefon danışığı aparıb.