.jpg)
BAKI, 1 mart. TELEQRAF
Amerika Birləşmiş Ştatları çox güman ki, Kiyevə təzyiqi artıracaq və bir daha Prezident Volodimir Zelenski ilə birbaşa ünsiyyətə girməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg"ə adının gizli qalmasını istəyən ABŞ administrasiyasının məsləhətçisi məlumat verib.
"ABŞ Ukraynada müharibəyə son qoymaq üçün razılaşma əldə etmək cəhdlərindən əl çəkməyəcək. Atəşkəsə nail olmaq üçün çox sərmayə qoyulub" - deyə, mənbə bildirib .
Donald Trampın keçmiş müşaviri Viktoriya Kouts da müharibəyə son qoymaq üçün danışıqların davam edəcəyi ilə razılaşıb. Eyni zamanda, o, ABŞ-nin Ukraynaya yardımına yenidən baxacağını da mümkün sayıb.
ABŞ administrasiyasına yaxın bir şəxs isə nəşrə bildirib ki, Zelenski ilə danışıqları davam etdirmək fikrində deyillər: "Fevralın 28-də Oval kabinetdə baş verən mübahisə Zelenski ilə bağlı çoxdankı şübhələrin təsdiqi idi. Co Baydenin prezidentliyi Zelenskidə "Amerika xalqın müharibəni maliyyələşdirməyə davam edəcək" inamını yaratmışdı".
Xatırladaq ki, ötən gün Ağ Evdə keçirilən danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri yüksək səslə mübahisə ediblər. Tramp Zelenskini nankorluqda ittiham edib. Mübahisəyə ABŞ vitse-prezidenti də qoşulub .
Tramp daha sonra Zelenskinin sülhə hazır olmadığını bildirib. Həmçinin Tramp - Zelenski brifinqi ləğv edilib, minerallarla bağlı razılaşma təxirə salınıb.
Daha sonra ABŞ-ın dövlət katibi Marko Rubio CNN telekanalına müsahibə verib və o, bildirib ki, Ukrayna Prezidenti ABŞ liderindən üzr istəməlidir.