
BAKI, 1 mart. TELEQRAF
Martın 1-də Azərbaycan Dövlət Kukla Teatrında “Bir dəfə Şamaxı xanlığında” tamaşasının premyerası olub.
Teatrın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, teatrın rus bölməsi üçün hazırlanan birhissəli kukla tamaşasının müəllifi Əliheydər Məmmədov, səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Səkinə Bağırovadır.
İbrətamiz hekayətin nəql olunduğu tamaşada qəhrəmanımız bənna Bilaldır. Zəhmətkeş gənc sən demə, özü də bilmədən illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.
Xanın ədalətli Vəzirinə qəzəblənən Cadugər intiqamını onun qızından almaq qərarına gəlir. Beləcə qızı bilərzik ilə tilsimləyir və onu şah sarayından çox uzaq bir yerdə - ucqar kənddəki kasıb komalardan birindəki güldana atır.
Sözsüz ki, ağlagəlməz hiylənin üstü açılmır və Vəzirin günahsız qızı illərlə bu tilsimin əziyyətini çəkir. Yaşlı Qonşu sayəsində bu əhvalatı eşidən Bilal özü də bilmədən xilaskara çevrilir və əlindən çıxıb güldana dəyən çəkic sayəsində bu tilsimin pozulmasına nail olur.
Klassik nağıl üslubunda hazırlanan tamaşa maraqlı tərtibat və musiqi həlli ilə də seçilir.
Tamaşada rolları Rauf Babayev, Afət Zülfüqarova, Araz Həsənli, Yelena Qədimova, Firuzə Nəsibli və Lina Məmmədova ifa edirlər. Əsasən kiçik ölçülü kuklalarla hazırlanan səhnə işində təbiətə sevgi, ətraf mühitin qorunması, heyvanlarla insanların dostluğu kimi humanist vərdişlər də təbliğ olunur.
Xatırladaq ki, tamaşa teatrın yerli müəlliflərlə yaradıcı əməkdaşlığının davamı kimi hazırlanıb və bu əsər müəllifin ölkə teatrları arasında ilk yaradıcılıq aktıdır.