BAKI, 1 mart. TELEQRAF

Ağ Ev rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti üçün hazırlanan naharın menyusunu paylaşıb.

Teleqraf xəbər verir ki, menyuda pomidor, kələm və qulançarlı salatla yanaşı, rozmarinlə bişmiş toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və peçenyelər olub.

Keçirilən gərgin görüşlə əlaqədar Zelenski və komandası rəsmi nahardan imtina etdikləri üçün dadlı təamları başda Donald Tramp olmaqla, Ağ Evin komandası yeməli olublar.

“Bu gün günortadan sonra Prezident Tramp və onun komandası ilə gözəl nahar oldu”, - Skavino yazıb.

Xatırladaq ki, ötən gün Ağ Evdə keçirilən danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri yüksək səslə mübahisə ediblər. Tramp Zelenskini nankorluqda ittiham edib. Mübahisəyə ABŞ vitse-prezidenti də qoşulub.

Tramp daha sonra Zelenskinin sülhə hazır olmadığını bildirib. Həmçinin Tramp - Zelenski brifinqi ləğv edilib, minerallarla bağlı razılaşma təxirə salınıb.

Daha sonra ABŞ-nin dövlət katibi Marko Rubio CNN telekanalına müsahibə verib və o, bildirib ki, Ukrayna Prezidenti ABŞ liderindən üzr istəməlidir.