
BAKI, 1 mart. TELEQRAF
Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Braziliyadakı Səfirliyində anım mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı Səfirliyindən Teleqraf-a bildirilib ki, tədbirdə yerli media nümayəndələri, professor, tədqiqatçı və akademik dairənin digər üzvləri, o cümlədən Braziliya Strateji Araşdırmalar İnstitutunun rəhbər heyəti iştirak edib.
Tədbirdə çıxış edən səfir Rəşad Novruz Ermənistan tərəfindən uzun illər boyu Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətindən bəhs edərək, Xocalı soyqırımının tarixi və nəticələri barədə iştirakçılara geniş məlumat verib, soyqırım aktına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməli olduğunu və soyqırımı törədən cinayətkarların cəzalandırılmasının zəruriliyini vurğulayıb.
Səfir qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilən Xocalıda aparılan böyük quruculuq-abadlıq işlərinə toxunub və Xocalı sakinlərinin artıq doğma yurdlarına qayıtmağa başladığını qeyd edib.
Sonra Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film izlənilib və soyqırımına dair mətbuat-relizləri tədbir iştirakçılarına paylanıb.