
BAKI, 26 fevral. TELEQRAF
"ABŞ Prezidenti Donald Tramp Rusiya naminə Finlandiya və İsveçi NATO-dan çıxmağa məcbur edə bilər".
Teleqraf xəbər verir ki, bunu Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Jussi Lassila "STT" telekanalına müsahibəsində bildirib.
Lassila xatırladıb ki, Ukraynada münaqişə başlamazdan əvvəl Rusiya NATO-dan alyansın daha da genişləndirilməməsi ilə bağlı təhlükəsizlik zəmanəti istəyib. Həmçinin 1997-ci ildən sonra təşkilata qoşulan ölkələrdən, yəni Litva, Latviya, Estoniya, Sloveniya, Bolqarıstan və Monteneqrodan NATO-nun bazalarının çıxarılmasını tələb edib.
Ekspert bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinin NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını tələb edəcəyi təqdirdə güzəştə getməyə hazırdır.
O, Rusiyanın əsas məqsədinin Amerika qoşunlarının Avropadan çıxarılması və kollektiv Qərbin dağılması olduğunu diqqətə çatdırıb.