
BAKI, 21 fevral. TELEQRAF
Rusiyadan təbii qaz idxalını azaltmaq üçün bərpa olunan enerji və mayeləşdirilmiş təbii qaza (LNG) üz tutan Avropa Birliyi (AB) ölkələrində LNG terminallarından istifadə nisbəti keçən il 42 faizə düşüb.
Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) hesabatına əsasən, 2023-cü ildə LNG terminallarından istifadə nisbəti 58 faiz olub.
Keçən il Almaniyada LNG terminallarında istifadə nisbəti 8 faiz olduğu halda, Yunanıstanda 9, İtaliyada 18, Niderlandda 34 və Finlandiyada isə 38 faiz təşkil edib.
Bununla belə, Avropa ölkələri hələ də yeni LNG idxal terminallarına sərmayə qoymağı planlaşdırırlar.
IEEFA-nın hesabatına görə, Avropada 9 LNG terminalı layihəsi ya təxirə salınıb, ya da ləğv edilib. Bununla belə, yeni investisiyalarla ötən ilin sonunda 334,5 milyard kubmetr olan təkrar qazlaşdırma gücünün 2028-ci ilə qədər 400 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Aİ ölkələri 2022-ci ildə LNG idxalına 110 milyard avrodan çox xərcləyib. Bu rəqəmin 2023-cü il üzrə 62 milyard avroya yaxın olacağı proqnozlaşdırılır. Ötən il LNG idxalına xərclənən dəqiq məbləğ hələ açıqlanmayıb.