BAKI, 18 fevral. TELEQRAF

Birləşmiş Ştatlar Münxen Təhlükəsizlik Konfransında vitse-prezident J.D.Vans və Ukrayna Prezidenti Volodimir Zelenski arasında şəxsi görüşdən əvvəl Kiyev qarşısında şərt qoyub.

Teleqraf xəbər verir ki, bu barədə "RBC" nəşri Ukrayna mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna faydalı qazıntıların çıxarılması ilə bağlı müqavilə imzalamalıdır. Daha sonra nəşr bu şərtin aradan qaldırıldığını və görüşün baş tutduğunu bildirib.

"The Daily Telegraph" qəzeti isə yazır ki, Tramp administrasiyası Ukraynaya ölkənin təbii sərvətləri, neft və qaz yataqları, limanları və digər strateji infrastrukturunun Vaşinqtonun nəzarətinə verilməsini təklif edib. Sərvətlərdən əldə olunan gəlirlər Ukrayna ilə yarı bölünəcək. Kiyev bu şərtlərin çox sərt olduğunu, hətta Ukraynanın müstəqilliyinə xələl gətirdiyini bəyan edib.