Suriyada 61 illik Baas rejiminin 12 gün içərisində çökməsi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Suriyaya qaçan Bəşər Əsədin hərbçiləri çöküşün əsl səbəblərini açıqlayıblar.

Bir zamanlar 200 min nəfərə yaxın heyəti olan Suriya ordusunun silahlı müxaliflərə qarşı heç bir müqavimət göstərməməsi, onu deməyə imkan verir ki, əslində Əsəd hərbçiləri son 12 gün içərisində deyil, daha öncədən təslim olmuşdular.

Əsəd ordusunun zabiti Vasim Ahmed mətbuata açıqlamasında "Suriya ordusu sadəcə kağız üzərində vardı" deyə bildirib.

"The Telegraph" qəzetinə danışan Əsəd ordusunun zabitləri bildiriblər ki, müxalif güclər Dəməşqə doğru irəliləyən zaman onlar nə edəcəklərini bilməyiblər: "Komandanlıqla aşağı instansiyalar arasında əlaqə pozulmuşdu, orduda xaos hökm sürürdü. Həm canlı qüvvə, həm də silah baxımından müxalif güclərdən üstün idi, amma psixoloji durumumuz aşağı idi. Uduzmağımızın iki səbəbi var. Birincisi, maaşlarımız çox az idi. Ayda cəmi 30 dollara heç kəs döyüşmək istəməz. İkincisi, heç bir əmr gəlmədi. Nə edə bilərdik? Ailələrimizin yanına dönmək və bu gərginlikdən uzaq durmaq istədik. Uduzmağa hazır idik və uduzduq".

Digər hərbçi İbrahim isə qeyd edib ki, müxaliflər hərəkət edəndə onlar Livanla sərhəddə idilər: "Bizim qoşun növü Suriyanın ən peşəkar hərbi birliyi idi. Müxaliflər Hələbə doğru hərəkətə keçəndə bizə əmr gəldi ki, Dəməşqi müdafiə edək. Sonra əsgərlərimizin arasında panika yarandı. Guya müxaliflər İŞİD-çilərlə birlikdə hərəkət edirlər. Həqiqətən də, qorxmuşduq. Komandanlıqdan "qaçın" əmri gəldi. Paltarlarımızı və silahlarımızı hərbi hissəyə atıb qaçdıq".

Əhməd adlı mayor isə bildirir ki, müxaliflər irəliləyəndə onlara yuxarıdan heç bir əmr gəlmədi: "Gözlədik, heç nə demədilər. Biz də öz başımızın çarəsinə baxmalı olduğumuzu anladıq. Mülki geyimlə ailəmin yanına getdim".

Suriya ordusunun silahlarının böyük bir qisminin generallar tərəfindən satıldığını bildirən Əhməd bu üzdən müqavimət göstərəcək durumda olmadıqlarını diqqətə çatdırıb: "Bizim birlikdə kağız üzərində 2 min 500 avtomat, 50 zirehli avtomobil vardı. Amma cəmi 200 avtomatımız işlək vəziyyətdə idi. Avtomobilləri də kağız üzərində təzələyirdilər. Bütün ordumuz bu vəziyyətdə idi. Təkcə korrupsiya deyil, məqsədsizlik, ideyasızlıq bizi çökdürdü. Qayda-qanun yox, nə üçün döyüşəcəyimizi bilmirdik. Ordusunda xidmət etməyimizə baxmayaraq, heç birimiz Əsədi sevmirdik. Fərarilik etsəydik, bizi Sednaya sürgün edəcəkdilər".

Hakimiyyətə gələn müxalifət hərbçilərə müraciət edərək hərbi kimliklərini təhvil vermələrini tələb edib. Tartus və Lazkiyədə hərbi polis idarəsinin önündə hər gün minlərlə hərbçi kimliklərini aidiyyəti üzrə təhvil verirlər. Amma onlara qarşı heç bir hədə-qorxu, təzyiq edilmir.

Hərbi kitabşasını polisə təhvil verən İbrahim adlı zabit hakimiyyətə gələn yeni qüvvələrlə düşmən deyil, qardaş ola biləcəklərini düşünür: "Aparılan savaşa görə biz məsuliyyət daşımırıq. Əsədin səhvlərinin bədəlini ödəyirik".