Ukraynadakı rus qoşunlarının çox çətin vəziyyətə düşdüyünü iddia edən Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin strategiyası qoşunlarını "ətçəkən maşın"dan keçirməyə bənzəyir.
Teleqraf.com xəbər verir ki, ingilis nazir bu barədə BBC Today-a müsahibəsində danışıb.
Uollesin fikrincə, Rusiya bir ölkəni heç cür işğal edə bilməz: “Onlar ayrı-seçkilik qoymadan hamını öldürməyə və məhv etməyə davam edə bilərlər, amma bu, qələbə deyil.
Putin bütün Ukraynanı işğal etmək, Kiyev və Odessanı tutmaq istəyini dəyişməyib, lakin onun ordusu böyük itkilərlə iflic vəziyyətinə düşüb - 25 mindən çox ölü var. Ola bilsin, bu rəqəmdən iki dəfə çoxu da yaralanıb”.
Britaniya Müdafiə Nazirliyinin rəhbəri Putinin adətən Rusiyada ən kasıb bölgələrdən olan milli azlıqların nümayəndələrini "ətçəkən maşın"a atmasına, nəticəyə çox az əhəmiyyət verməsinə diqqət çəkib.
“Hazırda Rusiya ordusu “təxminən 40-50% döyüş qabiliyyəti ilə fəaliyyət göstərir”, - Uolles əlavə edib.