Hindistan və Çinə məxsus sərhəd xəttində gərginlik artıb. Baş verən son hadisələrdən sonra müharibənin qaçılmaz olacağı proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, Hindistan mediasının hökumət mənbələrinə istinadən yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, Çin döyüş təyyarələri qeyri-müəyyən sərhəd xəttini təyin edən Faktiki Nəzarət Xəttinə (LAC) yaxın uçuşlar həyata keçirir.
Halbuki, iyulun 18-də Moldo-Cuşul sərhəd məntəqəsində keçirilən danışıqların 16-cı raundunda tərəflər ərazidə təhlükəsizlik və sabitliyin qorunması ilə bağlı razılığa gəlmişdilər.
Xatırladaq ki, 15 iyun 2020-ci ildə Hindistanın Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında baş verən qarşıdurmada 20 hindistan əsgəri həlak olub. Çin də münaqişədə 4 əsgərinin öldüyünü açıqlayıb.
Münaqişədən sonra hər iki ölkənin hərbi birləşmələri - Hindistan yer-hava tipli raketdən müdafiə sistemi, Çin isə haubitsa və tanklarını sərhəddə yerləşdirib. Bu gərginlik dünyada “ən böyük orduya malik ölkələrin müharibə təhlükəsi” adlandırılıb.
Qeyd edək ki, Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti bu ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur.