ABŞ Prezidenti Donald Trampın seçki qərargahı Viskonsinin bəzi yerlərində səslərin sayılmasında qanun pozuntuları aşkar olunduğunu iddia edərək yenidən sayma tələb edib.
Teleqraf.com xəbər verir ki, Amerika mediası bu ştatda Co Bayden və Donald Tramp arasındakı fərqin bir faizdən az olduğunu yazıb.
Bu, namizədlərə yenidən sayma üçün müraciət etmək hüququ verir.
“Assoşieyted Press”in məlumatına görə, qalib gələn namizədə 10 seçici nümayəndə səsi qazandıran Viskonsindəki səslərin 99 faizi sistemə daxil edilib. Co Baydenin səs nisbəti 49.6, Donald Trampın isə 48.9 faizdir.
Trampın qərargahı Miçiqanda da fərqli bir əsasla məhkəməyə müraciət edib. Qərargah qutuların açılmasından sonra səslərin hesablanmasına nəzarət edilməsinə icazənin verilmədiyini açıqlayıb. Etirazçılar dünəndən səslərin sayıldığı mərkəzin qapısı qarşısında toplaşıb, bu da bölgədə gərginliyi artırıb. Miçiqanda son vəziyyət belədir: səslərin 99 faizi sayılıb. Baydenin səs nisbəti 50.5, Trampın isə 48 faizdir. Bu ştatda qalib gələn namizəd 16 seçici nümayəndə səsi qazanacaq.
Bu mərhələdə Trampın komandası üçün ən kritik ştatlardan biri Pensilvaniyadır. Komanda şəffaflıq təmin edilənədək səslərin sayılmasının dayandırılmasını tələb edib. Tramp burada təxminən 2.5 pillə irəlidədir. Lakin poçt səsləri və Demokratların güclü olduğu bölgələrdə səslər sistemə daxil edildikcə fərq daha da azalır. Pensilvaniya ştatında 20 münsif üzvü var. Trampın səs nisbəti 50.7, Baydenin səs nisbəti isə 48.1 faizdir.
Tramp komandasının Corciya ştatında da qanunsuzluq iddiaları var. Ştatın bəzi dairələrində qutulara topa bülletenlərin atıldığı bildirilib. İddiaçı Respublikaçılar Partiyasıdır. Corciyada səslərin 98 faizi hesablanıb. Trampın səs nisbəti 49.7, Baydenin isə 49.1 faizdir. İki namizəd arasındakı səs fərqi 30 mindən bir qədər çoxdur.
Məlumata görə, Co Bayden 264 nümayəndə heyətinin səsini alıb, Donald Tramp isə 214-də qalıb. 270 nümayəndə səsi alan namizəd ABŞ-ın 59-cu prezidenti olaraq Ağ Evə gedəcək.