
BAKI, 21 fevral. TELEQRAF
20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatında ilk "üçlük"ə düşmüş sərbəst güləşçilər təlim-məşq toplanışına dəvət ediləcək, qarşıdan gələn Avropa və dünya çempionatına hazırlaşdırılacaq.
Bu barədə Teleqraf-a sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Arif Abdullayev məlumat verib.
57 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesində çatışmazlıqlar üzərində işləyəcəklər: "Bizdə olan güləşçilər ildən-ilə dəyişir. Bu yaş qrupu keçid kimidir, bizə yeniyetmə yaş qruplarından gələn güləşçilər gənclərdən ibarət milliyə keçid etmək üçün hazırlaşırlar. Üzərimizə düşən isə təlim-məşq toplanışı zamanı onların çatışmazlıqları üzərində işləməkdir".
O, yığmada potensiallı güləşçilərin olduğunu söyləyib: "Yüngül çəkidə - 57 kq-da Vasif Bağırovu lider adlandırardım. İllərdir çətinlik çəkdiyimiz ağır çəkilərdə isə 92 kq-da Anar Cəfərli və 125 kq-da Yusif Dursunov kimi potensiallı güləşçilərimiz var".
Abdullayev güləşçi Muxamed Qantemirovun U-20 Azərbaycan çempionatında Rusiya bayraqlı triko ilə yarışmasını da şərh edib: "Günah uşağın özündədir. Əvvəlcədən məşqçilərə, yaxud federasiya nümayəndələrinə məlumat versəydi, ona triko təqdim ediləcəkdi".