BAKI, 18 fevral. TELEQRAF
Azərbaycan dini palitrası daim çoxşaxəli və rəngarəng olub. Bu palitrada diqqəti xüsusi cəlb edən dinlərdən biri də heç şübhəsiz ki, Bəhailik dinidir. Çünki Bəhai dini XIX əsrin ortalarında İranda və Cənubi Azərbaycanda meydana gəlmiş, erkən dövrlərindən etibarən Azərbaycanın cənubunda və şimalında çoxlu sayda tərəfdar tapıb. Sovet dövründə hər cür dinlər qadağan edilsə də bəhailər öz mövcudluqlarını davam etdirirdi. Müstəqillik illərində Bəhai Dini İcması rəsmi dövlət qeydiyyatından keçmişdir. Hazırda da bu icma geniş şəkildə fəaliyyət göstərir.
Teleqraf İnformasiya Agentliyi Bəhailiyin tarixi, nəzəriyyəsi və müasir vəziyyəti ilə bağlı Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli ilə müsahibəni təqdim edir.
- Bəhai dininin tarixi haqqında qısa bir məlumat verərdiniz. Bizim tarix dərsliklərində babilik haqda məlumat verilir. Ancaq bununla belə ölkəmizdə bu sahədə məlumatsızlıq var. Babilik və bəhailiyin fərqi nədir?
- Bəhailiyin tarixi elə babiliyin tarixiylə başlayır. 1844-ü ildə İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir şəxs özünü Bab adlandırdı. Bab ərəbcə “qapı” deməkdir. O deyirdi ki, bəşəriyyət məndən sonra yeni bir dövrə daxil olacaq. Bab özü ilə müqəddəs kitab, yeni qanunlar gətirdi. Babilik mahiyyət etibarı ilə yeni bir dindir. Bəzi şəxslər babiliyi islam dininin bir təriqəti hesab edir. Ancaq bu tamamilə səhvdir. Bəhailik müstəqil bir dindir. Babilik cəmi 19 il çəkdi. 1863-cü ildə başa çatdı. Babın iki missiyası var idi, biri yeni dövrün başlandığını elan etmək və müjdəçi olmaq. O, öz missiyasını tamamladı. O deyirdi ki, məndən sonra böyük bir ilahi zühur gəlir və ona hazırlaşmaq lazımdır.
- Bəs bu ilahi zühur dedikdə o kimi nəzərdə tuturdu?
- Həzrəti Bəhaullahı. Bəhaullahın adı Mirzə Hüseyn Əlidir. O, Babı qəbul etmişdi. Həzrəti Bab həbsdə olduğu üçün babilərin faktiki rəhbəri Bəhaullahı idi. O, 1850-ci ildə Bəhaullah ləqəbini qəbul etdi. Həzrəti Bab Təbrizdə güllələndikdən sonra Bəhaullahı da Tehranda həbs olundu. Ancaq şah onu cəmi dörd ay həbsdə saxlaya bildi. Sonra isə onu həbsdən azad edərək Bağdada sürgünə göndərdi. Bəhaullah isə 1863-cü ildə elan etdi ki, Babın elan etdiyi, müjdələdiyi şəxs mənəm.

- Deməli, bu dövrdən babilik başa çatır, bəhailik başlayır...
- Bəli. Həzrəti Bəhaullah Bağdaddan sonra İstanbula, İstanbuldan Ədirnəyə, Ədirnədən isə Fələstinə sürgün etdilər. Bu yer hazırda İsrail ərazisində yerləşən Əkka şəhəridir. Həzrəti Bəhaullah 1892-ci ildə orda vəfat elədi.
Həzrəti Baba ilk iman gətirən 18 nəfərdən 7-si azərbaycanlıdır
- Bəzən rəsmi mənbələr belə bəhailiyi qeyri-ənənəvi dini təmayül hesab edir. Ancaq, zənnimcə Zəncan, Qəzvin kimi Azərbaycan şəhərlərində intişar edən və Şimali Azərbaycanda hələ XIX əsrdən etibarən geniş yayılan bəhailiyi qeyri-ənənəvi təmayül adlandırmaq ədalətsizdir.
- Biz Bəhai dininin vətəni İranla yanaşı, o taylı, bu taylı Azərbaycan olduğunu ürəklə deyə bilərik. Hətta, Həzrəti Bab zühur etməmişdən qabaq Ordubadda iki nəfər insanları zühura hazırlayırdı. Onlar Ordubadın Vənənd kəndindən Molla Sadıq və onun tələbəsi Seyid Əbdülkərim idi. Söhbət 1830-ci ildən gedir, o zaman Bab hələ zühur etməmişdi. Onların Ordubadda, Naxçıvanda, Zəngəzurda 10 minə qədər ardıcılları var idi. Seyid Əbdülkərimi Varşava və Smolenskə sürgün etmişdilər. O, Mirzə Kazımbəyə məktub də yazmışdı. Bu da bəhailiyi Azərbaycan üçün qeyri-ənənəvi cərəyan olmaqdan çıxarır. Sizin də qeyd elədiyiniz kimi, elə ilk günlərdən babilik və bəhailik Təbriz, Zəncan, Qəzvin kimi Azərbaycan şəhərlərində geniş yayılmışdı. Bəhai yazılarında Araz vadisi peyğəmbərlər diyarı adlanır. Söhbət tarixdə çox adı qalmamış peyğəmbərlərdən gedir. Həzrəti Baba ilk iman gətirən 18 nəfərdən 7-si azərbaycanlıdır. Onların içində yeganə qadın olan Tahirə Zərrintac da türk mənşəli idi. Görkəmli yazıçımız Əzizə Cəfərzadə Tahirə Zərrintac haqqında roman da yazmışdı.
- Bəhailiyin dini mərkəzi İsrailin Hayfa şəhərində yerləşir. Müsəlman-yəhudi konfliktinin güclü olduğu bir zamanda bu sizi narahat edirmi?
- Həzrəti Bəhaullah öz istəyi, öz iradəsi ilə Fələstinə getməyib. Onu ora Osmanlı sürgün edib. Söhbət XIX əsrin sonlarından gedir. İsrail dövləti isə 1948-ci ildə yaranıb. Belə başa düşürəm ki, məsələ aydındır.

-Bir şey də maraqlıdır. Bəhaullah İran təbəəsi ola-ola onu niyə Osmanlı sürgün edirdi?
- İranda Bəhai dini sürətlə yayılırdı. Şah da buna görə onu İrandan çıxartmaq istəyirdi. Buna görə də İran şahı Osmanlı sultanı ilə danışaraq onu əvvəlcə Bağdada sürgün etdirdi. Bağdadda da insanlar axın-axın onun yanına gəlir və ona biət edirdilər. O zaman Bağdad Osmanlı ərazisi idi. Sonralar isə Bəhaullahı İstanbula, sonra isə Ədirnəyə sürgün etdilər. Ancaq yenə də öz məqsədlərinə çata bilmədilər. Bəhaullahın nüfuzu günbəgün artırdı. Buna görə də onu imperiyanın ucqarına, Fələstinə göndərdilər.
Allah daim peyğəmbərlər göndərmiş və göndərəcəkdir
- Bəhai dinini qısa şəkildə necə şərh edərdiniz? Onun digər dinlərdən fərqi nədədir?
- Bəhai dininin ana təlimi Allahın birliyinə, bəşəriyyətin birliyinə və dinin birliyinə əsaslanır. Allahın bir dini var, ancaq müxtəlif dinlər-islam, xristianlıq, yəhudilik, bəhailik və gələcəkdə yaranan dinlər vahid dinin tarixi mərhələləridir. Dinlərin sosial tərəfi, şəriət tərəfi fərqli ola bilər. Allah da hər dəfə yeni elçilər göndərərək bu yeni dəyişiklikləri həyata keçirir. Ancaq bütün dinlərin mahiyyəti eynidir. Bizdə vəhyin kəsilməzliyi prinsipi var, yəni vəhy hər dəfə davam edir, o heç zaman bitmir. Hər dövrün öz ehtiyac və tələblərinə, ictimai şüuruna uyğun olaraq vəhyin məzmunu da dəyişilir.
- İslam başda olmaqla digər monoteist dinlərə münasibətiniz necədir?
- Bəhai dini barış dinidir, sülh dinidir. Bəhai dinində məcburiyyət yoxdur, heç kim Bəhailiyə keçməyə məcbur edilə bilməz. İslam dinini də digər dinləri də haqq din kimi qəbul edirik. Eləcə də digər dinləri və müqəddəs kitabları. Ancaq bir fərqimiz var. Qeyd etdiyim kimi, Vəhyin kəsilməzliyinə inanırıq və Allahın insanla olan Əhdinə uyğun olaraq o daim peyğəmbərlər göndərmiş və göndərəcəkdir.
Mikayıl Müşfiqin atası Əbdülqadir İsmayılzadə də bəhai idi
- Azərbaycan ədəbiyyatının və tarixinin bir sıra nüfuzlu simalarının adı bəhailik və ya babiliklə hallanır. Sabirə öz dövründə bu cür ittihamlar irəli sürürdü. Sizin “Yeni dövr. Yeni təfəkkür” kitabınızda bu barədə maraqlı faktlar qeyd olunub. Azərbaycanda yəqin ki, ən məşhur bəhai neft milyonçusu Musa Nağıyevdir. Başqa kimlər var?
- O dövrdə Azərbaycan ziyalılarının Bəhai dininə maraq göstərməsi tamamilə təbii idi. Çünki Bəhai dini mahiyyət etibarı ilə mütərəqqi bir din idi, təhsilə böyük əhəmiyyət verir, qadın hüquqlarını daim diqqətdə saxlayırdı. XX əsrin əvvəllərində Bəhai icması çox nüfuzlu idi. Bütün icma üzvləri savadlı, oxumuş insanlar idi.
Gəncədə Nizami Gəncəvinin nəslindən olan şair vardı, Əli Şövqi. Əsl adı Əli Şeyxzamanov idi. Dövrünün görkəmli ədiblərindən biri idi. O Bəhai dinini qəbul etmişdi.
Əbdülxaliq Yusifi qeyd edə bilərəm. O da ən məşhur Bakı şairlərindən idi. Mikayıl Müşfiqin atası Əbdülqadir İsmayılzadə də bəhai idi.
Mənim fikrimcə, Hüseyn Cavid bəhaidir
- Siz Hüseyn Cavid haqqında da yazmısınız...
-Bəli, mən Hüseyn Cavidi çox araşdırmışam. Elə dünən gecə də “Şeyx Sənan”ı oxuyurdum. Dərvişin sözləri Bəhai dininin ideyaları ilə tam uyğun gəlir. Orda dərviş belə deyir:
“Din bir olsaydı yer yüzündə əgər
Daha məsud olurdu cinsi-bəşər”.
Hüseyn Cavidlə bağlı çox müxtəlif məlumatlar var. O dövrdə Naxçıvanda çox məşhur bir tacir vardı, Məşədi Heydər. Bu şəxs təhsilə çox böyük dəstək verirdi, Sidqinin məktəbinə pul verirdi. Cavidin borclarını da o ödəyirdi. O Hüseyn Cavidin ailəsi ilə çox yaxın idi. Müşkinaz xanımın da qohumu idi.
.jpg)
- Buna əsasən Cavidin bəhai olduğunu deyirsiniz?
-Bilirsiniz ki, Cavid İstanbulda təhsil almışdı. Onun müəllimlərindən biri də Abdulla Cövdət idi. Abdulla Cövdət də bəhai idi. Rəfael Hüseynovun “Vaxtdan uca” kitabında yazır ki, Cavid Keşlə həbsxanasına salınır, Müşkinaz xanım onu ziyarət edir, onu “Allah u əbha” sözüylə salamlayır. Bu söz onu ailəsində də çox geniş şəkildə istifadə olunurdu.
- Bu söz nə mənaya gəlir?
- Bu bəhai salamıdır. Bəhailər bir-biriləri ilə belə salamlaşırlar.
- Demək, Hüseyn Cavid də bəhaidir?
- Bu bizim üçün həyati məsələ deyil. Ancaq, mənim fikrimcə o bəhaidir.
- Hazırda yüksək vəzifəlilər arasında bəhai olan varmı? Tanınmışlardan kimlərin adını açıqlaya bilərsiniz?
- Açığı, belə adamlar yoxdur. Varsa da, bizə məlum deyil. Ancaq elə adamlar olub ki, biz onların bəhai olduğunu sonradan bilmişik. Bir Xalq artistimiz vardı, Mobil Əhmədov. O bəhai idi, ailəsi də bəhai idi. Ailəsindən elə görmüşdü. Onların evləri Gəncədə “Babiyyə” adlanırdı. Ya da Lütfiyar İmanov ömrünün son illərində Bəhai dinini qəbul etmişdi. Özü bu haqda açıq şəkildə danışırdı.
- Hamımıza yaxşı bəlli olduğu kimi sərhədlərimizdən çox da uzaq olmayan Yaxın Şərqdə din və məzhəb savaşları gedir. XXI əsrin əvvəllərindən başlayaraq dini fundamentalizm və terrorizm qlobal problemə çevrilib. Bəhailərin bu məsələnin həlli üçün təklif etdikləri prizma və yanaşma nədən ibarətdir?
- Bizim əsas prinsipimiz bəşəriyyətin birliyi prinsipidir. Bu dövrdə bu birlik bizə utopiya kimi gəlir. Bəhai dininə görə bəşəriyyət yetkinlik dövrünün astanasındadır, hazırda isə qeyri-yetkinlik dövrünün sonlarını yaşayır. Sizin qeyd etdiyiniz tendensiyalar da bu qeyri-yetkinlik dövrünün xüsusiyyətləri, əlamətləridir. Bəhaullah da yeni dövrün müjdəçisidir. Onun missiyası da insanları qeyri-yetkinlikdən xilas edib yetkinlik dörünə keçirtməkdir.
İnqilab olan kimi 200 bəhai məhkəməsiz edam etdilər
- Bəhailiyin intişar tapdığı ölkə İrandır. Ancaq bu da faktdır ki, İranda bəhailər XIX əsrin ortalarından başlayaraq təhdid və zülm altında yaşayırlar. Hazırda İranda bəhailərlə bağlı vəziyyət necədir?
- İranda rəsmi məlumata görə yarım milyona yaxın bəhai yaşayır. Bu ölkədə bəhailər daim təqib olunublar. Bəzən bu təqiblər daha şiddətli olub, bəzən isə daha yumşaq. Hətta, Şah dövründə də bəhailərin dini mərkəzi dağıdılıb. Ancaq 1979-cu ildən bu yana bu təqiblər daha sərt formaya keçib. İnqilab olan kimi 200 bəhai məhkəməsiz edam etdilər. İndinin özündə də heç bir məhkəmə olmadan 15-20 il müddətinə həbs cəzalarına məhkum edilirlər. Onların təhsil, pensiya almaq hüququ məhdudlaşdırılıb. Bəhailər heç bir dövlət orqanında da işləyə bilməzlər. Məqsəd bəhai inancını tamamilə söndürməkdir. Bəhailər öz inanclarını gizlədə bilməzlər. Buna görə də hakimiyyət onları asanlıqla tapa, təqib edə bilir. Buna görə də onların mühacirət etməkdən başqa yolları qalmır.
Musa Nağıyev bu işi təxirə saldı, uzatdı və nəticədə bu bina tikilmədi
- Dünyada nə qədər bəhai var? Onlar hansı ölkələrdə yaşayırlar?
- 7-8 milyon bəhainin olduğunu deyirlər. Ancaq məncə daha çoxdur, təxminən 10 milyona yaxındır. Dünyanın bütün ölkələrində bəhailər yaşayır. Ancaq bəzi ölkələrdə bəhai icması çox daha böyükdür. Misal üçün, Hindistanda, Malayziyada, Banqladeşdə, ABŞ-də...
.jpg)
- Bakıda bəhai məbədi yoxdur. Bu istiqamətdə hansı işləri aparırsınız?
- Azərbaycanda Bəhai Məbədi yoxdur. Ancaq olmasını arzu edirik. Bakıda, Gəncədə, Bərdədə, Balaxanıda iri Bəhai mərkəzləri vardı. Məbəd tikmək məsələsi hələ iyirminci əsrin əvvəllərində vardı, lakin sövetlərin gəlişi ilə bi məsələ həyata keçmədi. Bakıda ilk rəsmi bina 1888-ci ildə Həzrəti Əbdül Bəhanın adına alınmış binadır. O bina “Müsafirxana” adlanırdı, yerli əhəmiyyətli tarixi abidə idi. 1907-ci ildə həmin binanın yanında teatr binası tikilmişdi.
- O bina Bakının hansı tərəfində yerləşirdi?
- Mirzəağa Əliyev 226 ünvanında. Heydər Əliyev adına Sarayın yanında. Sonralar yolu genişləndirmək üçün o binanı sökdülər. Ora böyük bir kvartal idi. Bəhailər də orda yaşayırdı. Orda Bəhai mərkəzi, “Müsafirxana”, klub da vardı. Sizə bir maraqlı fakt da deyim. Azərbaycanda Bəhai məbədinin tikilməsi üçün Musa Nağıyev şəxsən Əbdül-Bəhadan (Bəhailiyin görkəmli simalarından biri-Q.T.) xahiş etmişdi. Aşqabadda Bəhai məbədi tikilmişdi, Musa Nağıyev Bakıda da elə bir məbədin tikilməsini istəyirdi. Bu Bəhai tarixində yeganə hal idi ki, dini lider bir şəxsə belə bir icazə verirdi. Başqa məbədlər isə icmanın ianəsi ilə tikilirdi ki, hər kəsin orda bir payı olsun. Bakı bu barədə istisna edilmişdi. Ancaq Musa Nağıyev bu işi təxirə saldı, uzatdı və nəticədə bu bina tikilmədi.
- Deməli, sizə qarşı da xəsislik edib...
- Deyə bilmərəm, fakt odur ki, o, bu məsələni hər dəfə təxirə salıb. Bəlkə də elədir. (gülür) Yeri gəlmişkən, Musa Nağıyev məhkəmədə “Kitabı-Əqdəs”ə, Bəhailiyin müqəddəs kitabına and içmişdi. Onun həyat yoldaşı Liza xanım da bəhai idi.

Bakı Məhfilinin bütün üzvləri həbs edilərək edam edildi
- Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfilinin 100 yaşı tamam olur. Bir az da bu haqda danışardınız....
- Bəhai dinində din xadimi anlayışı yoxdur. Məhfil isə şura deməkdir. İcmanın işlərini qaydaya salmaq üçün hər yerin, hər kəndin, hər şəhərin məhfili olur. Məhfil 9 nəfərdən ibarətdir. Kəndin də məhfili 9 nəfərdir, şəhərin də, ölkənin də, dünyanın da. Əlbəttə dünya səviyyəsində bunun adı Ümumdünya Ədalət Evidir. Bu qurumların üzvləri gizli səsvermə nəticəsində seçilirlər. Bakı məhfili hələ 1880-ci illərdən mövcud idi. 1925-ci ildə bəha icmasının başçısı və dinin Vəlisi Şövqi Əfəndi Bakı məhfilini Qafqaz regionununa xidmət edən məhfilə çevirdi. Sovet dövründə belə bu məhfil fəaliyyət göstərib. O dövrdə seçki keçirtmək çətin olduğuna görə vəfat edənlərin yerinə yeniləri təyin olunurdu. Ancaq əlbəttə ki, geniş fəaliyyət yox idi. Bəhailər bir yerə toplaşıb kitab oxuyur, Bəhai mətnlərini müzakirə edirdilər. Şam həmişə yanırdı, o heç zaman sönməmişdi...
- 1937-38-ci il repressiyalarının bir istiqaməti də din xadimlərinə yönəlmişdi. Bəhailər bu dövrləri necə keçirtmişdilər?
- O dövr bəhailər üçün çox ağır olmuşdu. Hamı bəhailəri tanıyırdı. Onlar üzdə olan, savadlı, ziyalı insanlar idilər. O illərdə Bakı Məhfilinin bütün üzvləri həbs edilərək edam edildi. Onlardan əlavə də 31 bəhai güllələndi. O siyahını arxivlərdən götürmüşük, hazırda bizdə var. Bundan əlavə çox sayda bəhai Qazaxıstana, Sibirə sürgün edildi. Bəziləri sürgündən sonra Bakıya qayıdıb öz fəaliyyətlərinə davam etdilər.
Sizə maraqlı bir şey deyim. Sovet vaxtı bəhailər ianə də edirdilər, bu pullar toplanırdı. Həmin ianələr 70 il ərzində toplanmışdı. Bəhailər bilirdilər ki, bir gün azadlıq olacaq, onlar o günü gözləyirdilər. Müstəqillik illərində isə həmin toplanmış ianələr hesabına icma üçün bir mülk alındı.
Biz Azərbaycan Bəhai icmasının tarixi ilə bağlı bir film hazırlamışıq. Bu film icmanın keçdiyi yoldan bəhs edir. Bu film dünya sülhü, bəşəri sühün bərqərar olunması üçün bir araya gələn insanlar haqqında, onların arzuları və fədakarlığı haqdadır. Film bu həftənin cümə günü Nizami Kino Mərkəzində nümayiş olunacaq.
- Ümumilikdə, bəhailər hansı işlərlə məşğul olurlar?
-Bəhai icmasının fəaliyyətlərinin mərkəzində yüz il əvvəl olduğu kimi, bu gün də təlim-tərbiyə işi durur. Qeyd etdiyim kimi, Bəhai icması Həzrət Bəhaullahın təlimlərinin öz fərdi və kollektiv həyatlarında tətbiqini öyrənirlər və onlar bunu cəmiyyətə xidmət kontekstində edirlər. Bu fəaliyyətlər əsas etibarı ilə qabiliyyət yaratmaq məqsədi daşıyır ki, bu da bilik əldə etmək, müxtəlif xidmət fəaliyyətləri üçün bacarıqlar və bəsirətlər əldə etmək deməkdir. Bu fəaliyyətlər kurslar və dərnəklər formasında olmaqla hamıya açıqdır. Təlim-tərbiyə proqramlarının fəlsəfəsi buna əsaslanır ki, bir fərd həm intellektual, həm də ruhani cəhətdən inkişaf etməlidir və bu inkişaf cəmiyyətə xidmətdən kənarda mümkün deyil. Cəmiyyətə xidmət ruhunda görülmüş hər bir iş ibadət kimidir. Bu vahid, lakin ikili məqsədli təlim-tərbiyə sistemi bütün yaş qruplarını əhatə edir. Bu təlim-tərbiyə sistemindən çıxmış bir gənc yaxşı anlayır ki, fərdin rifahı bütövlükdə cəmiyyətin rifahı üzərində qurulur.