BAKI, 9 mart. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Belçika Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirakı edib.
Teleqraf xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete, Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da iştirak ediblər.
QMİ sədri tədbirdə deyib: “İslam dünyasının ayrılmaz parçası, tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, müxtəlif sivilzasiyaların bir araya gəldiyi Azərbaycanda bizim multikultural ənənəmiz, həyat tərzimizdir. Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməyib, müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digər dini konfessiyaların ardıcılları cəmiyyətimizin bərabərhüquqlu vətəndaşları olaraq ictimai həyatın bütün sahələrində birgə iştirak edir, ibadətlərini sərbəst həyata keçirirlər”.
A.Paşazadə və Azərbaycandakı dini konfessiya başçıları konfrans iştirakçılarının suallarını cavablandırıblar.