BAKI, 14 mart. TELEQRAF

“Bir daha qeyd etmək istəyirəm ki, ölkə enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz”, - dövlət başçısı bildirib.

Prezident Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyətinin artdığını vurğulayıb:

“Bağlantı məsələlərinə gəldikdə, mən demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Biz bunun üçün yaxşı hazırıq, çünki biz üzərimizə düşən işi artıq icra etmişik. İndi isə biz, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin - Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə biz sülhün bərqərar olunması üçün hələ də çalışırıq”.