BAKI, 27 noyabr. TELEQRAF

2023 və 2024-cü illərdə müşahidə olunan rekord istilər dünyanın çaylarında, göllərində və su anbarlarında su səviyyəsinin misli görünməmiş dərəcədə azalmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri Çin Elmlər Akademiyasının rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Tədqiqata əsasən, müşahidə tarixinin ən isti iki ilində dünyada çayların su axını normadan 5,7 faiz aşağı düşüb, göllərdə və su anbarlarında su ehtiyatları isə 9,5 faiz azalıb. Bu, ən azı 1991-ci ildən bəri yerüstü su ehtiyatlarında qeydə alınan ən böyük eyni vaxtlı azalmadır.

Alimlər 1991–2025-ci illər üzrə dünyanın 150 əsas çay hövzəsinin göstəricilərini, həmçinin 1,2 milyondan çox göl və su anbarına dair peyk məlumatlarını təhlil ediblər.

İqlim dəyişikliyinin təsirləri xüsusilə Cənubi Amerikada daha ciddi müşahidə olunub. Qitədə çayların su axını 17,8 faiz, göllərdə və su anbarlarında su ehtiyatları isə 16,5 faiz azalıb. Bu proses bəzi ərazilərdə güclü yağışların və daşqınların baş verməsinə baxmayaraq qeydə alınıb.

Tədqiqatın müəlliflərindən biri Sulaqna Mişra bildirib ki, qlobal temperaturun yüksəlməsi quruda su ehtiyatlarının artması demək deyil. Onun sözlərinə görə, yağıntıların ümumi həcmi artsa da, əlavə yağıntıların böyük hissəsi okeanların üzərinə düşüb.

Britaniyanın Ridinq Universitetinin iqlimşünas alimi, professor Riçard Allan isə istixana qazlarının emissiyası azaldılmadığı təqdirdə quraqlıq və daşqınlar arasındakı kəskin dəyişikliklərin daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Mütəxəssislər qlobal istiləşmə, quraqlıq, çirklənmə və su ehtiyatlarının həddindən artıq istismarının dünyanın şirin su resursları üçün ciddi təhlükə yaratdığını vurğulayıblar.