BAKI, 26 noyabr. TELEQRAF

Ermənistan hökuməti TRIPP İnkişaf Şirkətinin səhmdarları arasında imzalanacaq sazişi təsdiqləyib.

Teleqraf xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin noyabrın 26-da keçirilən iclasında qəbul edilib.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Ermənistan hökuməti adından ABŞ-nin “TDC USA Inc.” şirkəti ilə sazişi imzalamaq səlahiyyəti alıb.

İclasda layihəni təqdim edən ərazi idarəetmə nazirinin müavini Kristine Qaleçyan bildirib ki, səhmdarlar sazişi Ermənistanda yaradılacaq şirkətin idarəetmə prinsiplərini, tərəflərin hüquq və öhdəliklərini, investisiya proqramlarının hazırlanması və həyata keçirilməsi, investorların seçilməsi və konsessiyaların verilməsi ilə bağlı əsas mexanizmləri müəyyən edir.

“Çərçivə sazişində artıq təsbit olunduğu kimi, şirkət Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq qapalı səhmdar cəmiyyəti formasında yaradılacaq. Şirkətin səhmlərinin 74 faizi Amerika tərəfinə, 26 faizi isə Ermənistan Respublikasına məxsus olacaq.

Amerika tərəfinin payı ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) tam mülkiyyətində olan törəmə şirkət tərəfindən idarə ediləcək.

Şirkətin Direktorlar Şurası beş üzvdən ibarət olacaq, üçünü Amerika, ikisini isə Ermənistan tərəfi təyin edəcək”.

Qaleçyan sazişdə strateji əhəmiyyətli qərarların qəbulunda Ermənistan tərəfinin məcburi razılığını təmin edən mexanizmlərin nəzərdə tutulduğunu vurğulayıb:

“Bu baxımdan sazişdə yer alan və “qorunan məsələlər” (reserved matters) adlandırılan mexanizm xüsusi əhəmiyyət daşıyır. Sazişdə 16 məsələ qrupu müəyyən ediləcək və bu məsələlərlə bağlı qərarlar hər iki tərəfin razılığı olmadan qəbul edilə bilməyəcək. Bunlara, xüsusilə, siyasi əhəmiyyətli qərarlar, şirkətin mülkiyyət strukturu və üçüncü tərəflərin layihələrdə iştirakı, investorların seçilməsi və konsessiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi, şirkətin maliyyə və iqtisadi fəaliyyəti ilə bağlı əsas qərarlar, icra orqanının seçilməsi və satınalma siyasəti daxildir”.

Nazir müavini konsessiya hüquqlarının verilməsi məsələsində Ermənistan hökumətinin müstəsna səlahiyyətə malik olduğunu da xüsusi vurğulayıb: “Burada vacib məqam ondan ibarətdir ki, konsessiya hüquqlarını verən yeganə tərəf Ermənistan Respublikasının hökuməti olaraq qalır”.

Əsaslandırmaya görə, şirkətin yaradılması Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişində nəzərdə tutulub. Amerika səhmdarı Delaver ştatında təsis edilmiş və tamamilə DFC-yə məxsus olan törəmə şirkətdir.

Səhmdarlar sazişi səhmdarların hüquqlarını həyata keçirməsinin xüsusiyyətlərini və onlar arasındakı münasibətləri tənzimləyəcək.