BAKI, 27 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Nətənz şəhəri yaxınlığındakı Küləng Qaz La dağının altında yerləşdiyi iddia edilən nüvə obyektində ciddi fəaliyyətin müşahidə olunmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz onları çox diqqətlə izləyirdik. Onlar məhv etdiyimiz nüvə obyektlərində heç nə edə bilməyiblər. Biz həmin dağa mütləq zərbə endirərdik, lakin orada real fəaliyyət müşahidə etmədik”, – ABŞ Prezidenti bildirib.

Tramp daha əvvəl İranda bir neçə obyektlə bağlı tədbir görülməsinin zəruriliyini qeyd etmişdi. Onların arasında sözügedən dağın altında yerləşdiyi iddia edilən obyektin də ola biləcəyini bildirmişdi.

Rəsmi Tehran isə yeni nüvə obyektinin mövcudluğu ilə bağlı Trampın iddialarının əsassız olduğunu dəfələrlə bəyan edib.