BAKI, 27 noyabr. TELEQRAF
ABŞ hakimiyyəti Arktikada hərbi mövcudluğunu gücləndirmək məqsədilə Qrenlandiyada dəyəri 500 milyon dollaradək olan hərbi tikinti proqramını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Newsweek” nəşri satınalma sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərdə Qrenlandiyanın şimal-qərbində yerləşən Pituffik kosmik bazasının genişləndirilməsi, yeni anqarların və döyüş təyyarələrinə texniki xidmət göstərilməsi üçün xüsusi obyektlərin tikintisi nəzərdə tutulur.
Layihənin ilkin dəyəri 250–500 milyon dollar arasında qiymətləndirilir.
Sənədlərdə, həmçinin radarlara az görünən döyüş təyyarələrinə xidmət göstərilməsi və məxfi hərbi əməliyyatların dəstəklənməsi üçün infrastrukturun yaradılması nəzərdə tutulur.
Texniki sənədlərdə ABŞ-nin F-35 qırıcılarında istifadə olunan avtonom logistika informasiya sisteminin (ALIS) adı çəkilsə də, Vaşinqton bu təyyarələrin Qrenlandiyada yerləşdirilməsi planlarını hələ təsdiqləməyib.
Qeyd edək ki, noyabrın 3-də Qrenlandiya parlamenti ABŞ və Danimarka ilə Arktika təhlükəsizliyinə dair sazişi dəstəkləyib. Saziş çərçivəsində adanın Narsarsuaq və Mestersviq ərazilərində yeni ABŞ hərbi bazalarının yaradılması planlaşdırılır.