BAKI, 26 noyabr. TELEQRAF
“Yeni Konstitusiya layihəsinin mətni ictimai müzakirələr üçün xüsusi olaraq yaradılmış internet saytında dərc olunub, həmin sayta daxil olub oxuya bilərsiniz”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan deyib.
Nazir vətəndaşları layihənin mətnini oxumağa və müxalifətin təxribatlarına uymamağa çağırıb.
Qalyanın sözlərinə görə, saytda yeni Konstitusiya layihəsinin mətnindən əlavə, vətəndaşların sənədi asanlıqla öyrənməsinə kömək edən müxtəlif bölmələr də yerləşdirilib:
“Yeni Konstitusiya mətnində nələrin fərqli olduğunu ayrıca qeyd etmişik. Yeni mətnin hansı yenilikləri ehtiva etdiyi ətraflı şəkildə təqdim olunub. Əlbəttə, konseptual əsaslara həsr olunmuş xüsusi bölmə də var. Həmin bölmədə bu əsaslar, eləcə də onların müvafiq maddələrlə əlaqəsi ətraflı izah edilib”.
Srbuhi Qalyan əlavə edib ki, saytda təklif və rəylərin göndərilməsi imkanı da yaradılıb:
“Hamımızın məqsədi ictimai müzakirələrin keçirilməsi və bu müzakirələrin nəticəsində hansı dəyişikliklərin edildiyini göstərməkdir”.